Azərbaycan idmançısı Fransada keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsində gümüş medal qazanıb.
"Report" xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində təşkil olunan yarışda İbrahim Yusubov (90 kq) ilk mərhələdə rəqiblərinə heç bir şans tanımayıb.
Dünya çempionumuz A qrupunda həm fransalı Matis Mayrandı, həm yunanıstanlı Georgios Tsaknakisi, həm də moldovalı Trayan Kapatinanı 3:0 hesabı ilə məğlub edib. Yusubov yarımfinalda ukraynalı Demid Karaçenkonu da eyni hesabla üstələyib. Finalda yenidən Kapatina ilə qarşılaşan İbrahim bu dəfə 1:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Ramiz Həsənov (80 kq) isə A qrupunda yunanıstanlı Xristos Xristoforidisi sonuncu xal prinsipinə əsasən üstələyib (1:1), fransalı Huqo Kuenoya isə uduzub – 0:3.
İlk dəfə çimərlik yarışında iştirak edən Rəşid Babazadənin debütü uğurlu alınmayıb. O, B qrupunda amerikalı Castin Benjaminə (3:0) qalib gəlsə də, ukraynalı İvan Semyonovla (1:4) fransalı Kuentin Stikerə (2:3) məğlub olduğu üçün qrupda 3-cü pillədə qərarlaşıb və mübarizəni erkən başa vurub.
Dünya Seriyasının növbəti mərhələsi iyulun 20-21-də Rumıniyada keçiriləcək.