"Azərbaycanda həmişə güclü şahmatçılar nəsli olub".
Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti əsasında Bakıya gələn Boris Qelfand deyib.
Yerli qrossmeysterlərlə təcrübəsini bölüşən israilli idmançı təlim-məşq toplanışının bir həftə çəkəcəyini bildirib: "Azərbaycan şahmatçıları yarışlarda yüksək nəticələr qazanırlar. Kişilərdən ibarət komanda 3 dəfə Avropa çempionu olub. Uzun müddət Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və dünyasını dəyişmiş Vüqar Həşimov dünya şahmatının elitasına daxil olublar. Hazırda yeni nəsil var ki, həmin uğurları təkrarlamağa can atırlar. İnanmaq istərdim ki, hamısı olmasa da, bəziləri yüksək hədəflərə çatacaqlar".
Qelfand gənc iti zəka sahibləri ilə bağlı proqnoz verməyin çətin olduğunu vurğulayıb: "Gənclərin əksəriyyəti həmişə zirvəyə can atsa da, yalnız bir neçəsi istəyinə nail olur. Hər şey çalışmaqdan, istəməkdən və bəzi başqa amillərdən asılıdır. Bu cür təlim-məşq toplanışlarının da onlara xeyri, faydası dəyir. Hazırlıq prosesini yaxşı keçəcəyimə ümid edirəm. Öz bilik və təcrübəmi onlarla bölüşəcəyəm. İnanıram ki, qarşıda da toplanışlar olacaq. Çünki bu, gənc nəsil şahmatçıların inkişafına təkandır".
Qeyd edək ki, uzun illər İsrail millisində çıxış edən Boris Qelfand 2009-cu ildə Dünya Kubokunun, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O, 2012-ci ildə dünya çempionluğu uğrunda matçda iştirak edib.