“Finala çıxacağımı gözləmirdim, amma sonrada valideynlərimin mənəvi dəstəyi ilə toparlandım və bürünc medal qazandım”.
Bunu “Report”a açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut və tamblinq üzrə dünya yaş qrupları yarışında uğurlu çıxış edərək ötən gecə vətənə dönən batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Maqsud Maqsudov deyib.
İdmançı bildirib ki, yarış gərgin keçsə də, öz çıxışından razı qalıb: “Bir yaş məndən böyüklərlə – 15-16 yaş qrupları ilə mübarizə aparırdım. Tək mübarizədə üçüncü yeri tutdum. Komanda yoldaşım Hüseyn Abbasovla birlikdə sinxron yarışda isə qızıl medal qazandıq. Çox çətin və gərgin mübarizə getdi”.
Sinxron yarışda Maqsud Maqsudovla birlikdə qızıl medal qazanmış Hüseyn Abbasov çıxışlarının uğurlu oldunuğunu qeyd edib: “Sinxron mübarizədə Maqsudla birlikdə qızıl medal qazandıq. Sevincliyəm. Növbəti hədəfimiz isə gələn il keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.
13-14 yaş qruplarında mübarizə aparmış Əli Niftəliyev də çıxışından razı qaldığını vurğulayıb: “Çətin, gərgin mübarizə idi. Finala çıxmaq da asan deyildi. Amma bacardıq və yekunda gümüş medal qazandıq. Razıyam öz çıxışımdan”.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin Vətənə medallarla döndükləri üçün şad olduqlarını bildirib: “Çətin, ağır bir turnir keçirdik. Amma indi bir az dincələcəyik. Qarşıda Şəkidə baş tutacaq Azərbaycan birinciliyi yarışları var. Fevralda isə dünya kuboku keçiriləcək. Ümid edirəm ki, növbəti ildə daha çox medalımız olacaq”.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının məşqçisi Abdulla Qasımov idmançılara yaradılmış şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edib: “İlk dəfə dünya yaş qrupları yarışında 12 nəfərlə iştirak edirdik. Çıxışımız uğurlu alındı. Ölkəyə bir qızıl, bir gümüş və iki bürünc medalla qayıtdıq. Gimnastika Federasiyasının bütün rəhbərliyinə və sıravi işçilərinə, hər kəsə təşəkkür edirəm, bizə yaxşı şərait yaradıblar. Növbəti yarışlarda daha yaxşı nəticələr göstərəcəyik”.
Qeyd edək ki, batut gimnastikasında sinxron mübarizədə 15-16 yaş qruplarında Maqsud Maqsudov və Hüseyn Abbasov cütlüyü qızıl, 11-12 yaş qruplarında Baxşalıyev Ammar və Mustafayev Fərhad cütlüyü bürünc medal qazanıblar.
Fərdi yarışlarda isə 15-16 yaş qruplarında Maqsud Maqsudov bürünc, 13-14 yaş qruplarında Əli Niftəliyev gümüş medal əldə edib.
Tamblinq gimnastikasında isə Tofiq Əliyev fərdi çıxışda gümüş medal qazanıb.