Beynəlxalq Konkisürmə Birliyinin (ISU) nümayəndələri 2025-ci ildə Bakıda yeniyetmələr arasında keçiriləcək fiqurlu konkisürmə üzrə Qran-priyə hazırlığı dəyərləndirmək üçün Azərbaycana gələcək.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.
Qurum rəsmisi Qran-pri ilə bağlı hazırlıqların davam etdiyini söyləyib:
“2025-ci ildə Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək. Bununla bağlı mövcud infrastruktur araşdırılıb. Çatışmayan və təkmilləşdirilməsi tələb olunan məsələləri həll etməliyik. Qran-pridən öncə Beynəlxalq Konkisürmə Birliyinin (ISU) nümayəndələri gəlib baxış keçirməlidirlər. Apreldə isə daxili yarış keçirməyi planlaşdırırıq. Hazırda hər iki turnirlə bağlı işlər aparılır”.
Qeyd edək ki, gələn il sentyabrın 24-dən 27-nə qədər baş tutacaq Qran-pri Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk olacaq.