Beynəlxalq Dağçılıq Federasiyasının komissiyalarının Bakıda keçirdiyi ​Beynəlxalq Konfrans başa çatıb

Beynəlxalq Dağçılıq Federasiyasının komissiyalarının Bakıda keçirdiyi ​Beynəlxalq Konfrans başa çatıb Toplantıda Dağçılıq Federasiyası ilə Qərb Universiteti arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb
Fərdi
20 May , 2016 14:37
Beynəlxalq Dağçılıq Federasiyasının komissiyalarının Bakıda keçirdiyi ​Beynəlxalq Konfrans başa çatıb

Bakı. 20 may. REPORT.AZ/ Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi Komissiyalarının Bakıda keçirilən illik toplantıları başa çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantılarda UİAA-nın prezidenti Frits Vrijlandt, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə dağların mühafizəsinə diqqətin daha da artırılması, dağ mədəniyyətlərinin qorunmasında ölkələrə tövsiyələrin təqdim edilməsi, itmə təhlükəsi ilə üzləşən dağ mədəniyyətlərinin qorunma statusu altına alınması və s. mövzularda müzakirələr aparılıb. Tədbir çərçivəsində qonaqlar Azərbaycanın görməli yerləri, dağ mədəniyyəti və dağçılıq perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Toplantıda Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) ilə Qərb Universiteti arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memoranduma görə Beynəlxalq Dağçılıq Federasiyasının egidası altında, Qərb Universitetinin nəzdində “Dağ mədəniyyətləri vədağ landşaftı ekosistemlərinin Tədqiqatı”İnstitutu təsis edilib. İnstitut Qərb Universiteti tərəfindən maliyyələşdiriləcək.

Eyni zamanda Beynəlxalq Dağçılıq Federasiyasının təşəbbüsü ilə həyata keçirilən tədqiqatların dəstəklənməsi üçün beynəlxalq donor təşkilatların, BMT-nin proqramlarının fondlarının da iştirakı nəzərdə tutulub. Eyni zamanda tədqiqatlara dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin cəlb olunması, ayrı-ayrı regionların dağlıq ərazilərinin əhatə edilməsi planlaşdırılır. Həmçinin, mütəmadi olaraq bu mövzu ilə məşğul olan alim-tədqiqatçıların toplantıları keçiriləcək və nümunələr çap olunacaq.

Qeyd edək ki, 2014-cu ildə Bakı UİAA-nın “Dağların Mühafizəsi Komissiyası”nın görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda “Beynəlxalq Gənclər Düşərgəsi” kimi tədbirə ev sahibliyi edib.

Xatırladaq ki, Bakıda təşkil olunmuş toplantılar Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) təşəbbüsü, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi