Sevinirəm ki, təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim.
"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan boksçusu Murad Allahverdiyev Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk görüşü ilə bağlı danışarkən deyib.
O, 1/8 finalda qələbə qazandığı qarşılaşmanı şərh edib:
"Bu gün məğlub etdiyim rəqib Yay Olimpiya Oyunlarında üçüncü dəfədir iştirak edir. Sevinirəm ki, belə bir təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim. Düşünürəm ki, yaxşı mübarizə apardım. Bildiyiniz kimi, növbəti mərhələdə rəqibim qazaxıstanlı olacaq. Yəqin ki, hansı boksçu yarışa daha yaxşı hazırlaşsa, o da qalib olacaq".
Qeyd edək ki, M.Allahverdiyev 1/8 finalda misirli Abdelrahman Abdelqavvada qalib gəlib. Onun 1/4 finaldakı rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.