Gələn il ikinci dəfə dünya çempionu olmağa çalışacağam.
Bunu “Report”a açıqlamasında Azərbaycanın veteran güləşçisi Cəlal Süleymanov Xorvatiyanın Poreç şəhərində təşkil olunan dünya çempionatında bürünc medal qazanması ilə bağlı danışarkən deyib.
O, turnirə yaxşı hazırlaşdığını və qızıl medal üçün getdiyini söyləyib:
“Dünya çempionatı həqiqətən də gərgin keçdi. Yarışda dünya və olimpiya mükafatçıları da iştirak edirdi. 2023-cü ildə veteranlar arasında keçirilən dünya çempionatının qalibi olmuşdum. Təəssüf ki, bu dəfə alınmadı. Ciddi hazırlaşmışdım və qızıl medal qazanmaq üçün getmişdim. Təəssüf ki, ABŞ idmançısına məğlub olub 3-cü yeri tutdum. Hazırlıqlı idim, amma rəqib də çox yaxşı hazırlaşmışdı. Mənim üçün pis nəticə deyil. Gələn il ikinci dəfə dünya çempionu olmağa çalışacağam”.
Qeyd edək ki, Azərbaycanın veteran güləşçiləri Xorvatiyada keçirilmiş dünya çempionatında 4 bürünc medal qazanıblar.