Azərbaycanın 9 boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mübarizə aparacaq

Azərbaycanın 9 boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mübarizə aparacaq Qadın boksçularımız isə Busto Arsizioya sabah yollanacaqlar
Fərdi
28 Fevral , 2024 11:33
Azərbaycanın 9 boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mübarizə aparacaq

Martın 3-də İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, 9 gün davam edəcək yarışda milli komanda 9 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) və Şəhla Abdullayeva (66 kq) yer alacaq.

Turnirdə 114 ölkədən 632 (399 kişi, 233 qadın) boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 21 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, bütün çəki dərəcələrində yarımfinalçılar Fransa paytaxtında iştirak hüququna yiyələnəcəklər. Yalnız qadınlarda 57 kq-da finalçılar və 60 kq-da ilk 3 yer Olimpiya lisenziyasına sahib olacaq.

Kişilərdən ibarət Azərbaycan millisi artıq fevralın 22-dən İtaliyada təlim-məşq toplanışındadır, qadın boksçularımız isə Busto Arsizioya sabah yollanacaqlar.

Qeyd edək ki, yığmamızın heyətində artıq Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Son xəbərlər

Orphus sistemi