Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəlib

Fərdi
  • 21 noyabr, 2026
  • 11:20
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəlib

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinin ilk günündə Azərbaycan millisinin 2 üzvü yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev Brandon Hinea Kollasosla (İspaniya) üz-üzə gəlib.

Döyüş hakimlərin yekdil qərarı ilə Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Aşırəliyev yarımfinalda Qavin Rayanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

Nicat Alırzayev (70 kq) da növbəti qələbəsini qazanıb. Yığma üzvü 3-cü raundda Miloş Roqanoviçi (Monteneqro) tam üstünlüklə məğlub edib. O, finala gedən yolda Cemal Cemmalla (Fransa) qarşılaşacaq.

Hər iki boksçu yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı da təmin edib. Bu mərhələnin görüşləri noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bu gün daha 2 Azərbaycan boksçusu 1/4 final döyüşünə çıxacaq.

44 filmi