Bakı. 18 iyun. REPORT.AZ/ Serbiyanın Novıy Sad şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir.
"Report"un məlumatına görə, qitə çempionatının ikinci yarış günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.
Azərbaycanı şpaqada təmsil edən Kənan Əliyev turnirə uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan idmançı birbaşa 1/32 final mərhələsinə vəsiqə qazanıb.
O, bu mərhələdə Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. K.Əliyev 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə məğlub olub və 104 idmançı arasında 25-ci yeri tutub.
Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb.