Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında bir qızıl və gümüş medal qazanıb.
"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb.
Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçi uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan V.Bağırov gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.
Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar (5:4) qələbə qazanan X.Karsanov Avropa çempionu olub.