Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında Azərbaycan millisinin üzvləri uğurlu çıxış ediblər.
"Report"un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə uzunluğa tullanma növündə Nazim Babayev 7.56 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz Orxan Aslanov 3-cü olub.
100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva 1-ci yeri tutub.
Kişilər arasında 100 metr məsafəyə qaçışda isə Əlhəm Nağıyev 2-ci nəticə göstərib.
Qeyd edək ki, yarışda Türkiyənin 36 şəhərindən olan atletlərlə yanaşı, Azərbaycan, Polşa, Böyük Britaniya, Özbəkistan və Moldova idmançıları mübarizə aparır.
Antalyada keçirilən Beynəlxalq Atmalar Kubokunda isə İsmayıl Əliyev uğurlu nəticə əldə edib.
Milli komandamızın üzvü nüvə itələmə növündə 16.59 metr göstərici ilə 3-cü yeri tutub. Lisenziya xarakterli bu yarışda Azərbaycan, Moldova, Bəhreyn, Əlcəzair və Türkiyənin 13 şəhərindən atletlər iştirak edib.