Ümid edirəm ki, yaxın gələcəkdə stolüstü tennis üzrə qitəmiqyaslı yarışlardan biri Azərbaycanda təşkil olunacaq
"Reoprt" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin (ASTB) icraçı prezidenti Pedro Migel Mouran deyib.
Portuqaliyalı funksioner Bakıda onu çox yaxşı qarşıladıqlarını bildirib: “Azərbaycana səfərimdən məmnunam. Mehriban münasibətə və qonaqpərvərliyə görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Portuqaliyalı olduğumu nəzərə alsaq, Bakı bizim üçün əlamətdar şəhərlərdən biridir. Burada keçirilən ilk Avropa Oyunlarında məhz Vətənim Portuqaliyanın stolüstü tennis üzrə seçmə komandası qələbə qazanmışdı. Azərbaycanda stolüstü tennisin səviyyəsini yüksək qiymətləndirərdim. İdmançılarınızın beynəlxalq yarışlarda göstərdikləri nəticələr belə deməyə əsas verir. Onlara yaradılan şərait isə gələcəkdə daha böyük nailiyyətlərə yol açacaq. Təsadüfi deyil ki, Avropanın ən istedadlı stolüstü tennisçiləri arasında Azərbaycan idmançıları da yer alır. Onların perspektivini yüksək qiymətləndirirəm”.
Ali idman qurumunun rəhbəri yaxın gələcəkdə qitə miqyaslı yarışlardan birinin Azərbaycanda təşkilinin tərəfdarı olduğunu da bildirib: “Yerli federasiyanın fəaliyyət strategiyası Avropa səviyyəsinə uyğun olduğundan qarşılıqlı əməkdaşlığımızın perspektivini uğurlu görürəm. Ümid edirəm ki, yaxın gələcəkdə qitə miqyaslı yarışlarımızdan biri də məhz Azərbaycanda təşkil olunacaq”.