Ağdam Olimpiya İdman Kompleksində şəhid Əhliman Ağayevin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Ağdam RİH-in başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid atası, Qarabağ qazisi Hacı Əkbər Rüstəmov, dünya və Avropa çempionu İslam Qasımov, Olimpiya və Avropa Olimpiya oyunlarının hakimi Cabir İsmayılov, əməkdar məşqçi, SSRİ idman ustası, Azərbaycan əlbəyaxa döyüş liqasının təsisçi direktoru Mübariz İbrahimov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov, Qarabağ Qazilər Birliyinin Ağdam filialının sədri Şamil Əbilov, Azərbaycan Sambo Federasiyasının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi, qazilər, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Turnirə aparıcılığı tanınmış şair Abdal Qəhrəman edib.
Samboçu şəhid Əhliman Ağayevin əkiz qardaşı, sambo üzrə beynəlxalq titullara sahib Səhliman Ağayev turnirin Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd edib:
“Biz Ağdam rayonunda doğulmuşuq. Qardaşımın Qarabağ müharibəsinin ilk illərində silaha sarılması hadisəsi elə bu torpaqlarda olub. Ona görə də onun doğulduğu və şəhid olduğu rayonda bu turnirin təşkil edilməsinin xüsusi əhəmiyyəti var”.
Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışın sonunda qaliblər mükafatlandırılıb.