Hazırda Azərbaycan qazının Slovakiyaya tədarükü Rusiya yanacağına yeganə alternativ ola bilər.
Bu barədə “Report”a slovakiyalı politoloq Yozef Hrabina bildirib.
O qeyd edib ki, Slovakiyada Avropanın iqtisadi böhran yaşadığı barədə fikir mövcuddur, ona görə də Bratislava öz enerji təhlükəsizliyini təmin etmək üçün həll yolu tapmalıdır.
"Biz Slovakiyanın sənaye müəssisələrini və ev təsərrüfatlarını Azərbaycan qazı ilə təmin etmək barədə düşünürük. Fikrimcə, siyasətçilərimiz arasında bu planların həyata keçirilməsi ilə bağlı uzun müddətdir müzakirələr gedir", - Y. Hrabina bildirib.
Politoloq vurğulayıb ki, hazırda Azərbaycandan qaz tədarükü ən düzgün qərar kimi görünür.
"Hesab edirəm ki, bu, Rusiya qazının tədarükünün bizə dost olan başqa bir ölkədən tədarüklə əvəzlənməsi üçün yeganə həll yoludur", - o əlavə edib.
Y.Hrabina vurğulayıb ki, ictimaiyyət hələ problemin miqyasını tam başa düşmür, lakin Slovak KİV-ləri siyasətçilərə dövlətin enerji təhlükəsizliyi ilə bağlı "sərt suallar verəcək".
Politoloq həmçinin deyib ki, Slovakiya "Xəzər dənizi – Qara dəniz – Avropa" yaşıl enerji dəhlizi layihəsində iştirak etmək istərdi.
"Slovakiya enerji təhlükəsizliyimizi gücləndirə biləcək bu layihədə iştirak imkanını nəzərdən keçirir", - ekspert sonda bildirib.
Qeyd edək ki, ötən ilin dekabrın 1-dən etibarən SOCAR Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz tədarükünə başlayıb. Tədarük SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında həyata keçirilir və tərəflər bu əməkdaşlığı uzunmüddətli enerji tərəfdaşlığına çevirməyi hədəfləyirlər.