Yaponiya 2022-ci ilin ikinci yarısında Rusiya neftinin alışını 90 % azaldıb

Energetika
  • 17 fevral, 2023
  • 04:01
Yaponiya 2022-ci ilin ikinci yarısında Rusiya neftinin alışını 90 % azaldıb

Yaponiya 2022-ci ilin ikinci yarısında Rusiyanın enerji resurslarından asılılığını azaltmaq siyasətinə uyğun olaraq Rusiya neftinin alışını 90 % azaldıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno müntəzəm mətbuat konfransında bildirib.

“Ölkəmiz Rusiyanın enerji qaynaqlarından, o cümlədən neft və kömürdən asılılığının azaldılması kursunu davam etdirir. 2022-ci ilin ikinci yarısında Rusiyadan neft alışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 90 % azalıb, kömür - təqribən 60 % təşkil edib”, - o qeyd edib.

Matsuno vurğulayıb ki, Yaponiya “G7” ölkələri ilə sıx əməkdaşlıq edərək öz enerji təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcək.

Rusiyadan neft və neft məhsullarının alışı ötən ilin iyununda Yaponiya tərəfindən sıfıra endirilib, bundan sonra iyul və avqust aylarında Rusiyadan cüzi həcmdə satın alınıb, sentyabrda isə yenidən bu növ enerji resurslarının idxalını tamamilə dayandırıb. Tokio daha sonra Rusiya neftinə tətbiq olunan qiymət həddi mexanizminə qoşulub. Nəticədə 2022-ci ildə Rusiyadan bu növ yanacağın idxalı 56,4 % azalıb.