Yanvarda Azərbaycan günəş elektrik enerjisinin istehsalı 60 % artıb

Energetika
  • 17 fevral, 2022
  • 07:07
Yanvarda Azərbaycan günəş elektrik enerjisinin istehsalı 60 % artıb

2022-ci ilin yanvar ayı ərzində Azərbaycanda 3,2 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2021-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə 60 % çoxdur.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayı ərzində ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 277,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. 2021-ci ilin ilk ayı ilə müqayisədə bu sahədə 6 %-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,1 % artaraq 33,7 milyon manat təşkil edib.

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 2 milyard 406,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin yanvar ilə müqayisədə 8,1 % çoxdur. Bunun 2 milyard 340 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 8,6 % çoxdur.

Bunun 75,3 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 0,4 % çoxdur.

Bunun 2 milyard 254,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 6,7 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar göstəriciləri ilə müqayisədə 25,6 % azdır.