Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə qədər artırmaq niyyətindədir

Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə qədər artırmaq niyyətindədir Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Energetika
29 Avqust , 2024 11:58
Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə qədər artırmaq niyyətindədir

Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə çatdırmağı planlaşdırır.

"Report" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bunu parlamentin yuxarı palatasının sədri Qurbanqulı Berdiməhəmmədov ötən gün Tehranda İran Prezidenti Məsud Pezeşkianla danışıqlar zamanı bildirib.

O qeyd edib ki, tədarükün artırılması üçün qaz kəməri infrastrukturu modernləşdirilməli, yeni obyektlər tikilməli və investisiyalar cəlb edilməlidir.

Bu kontekstdə Q.Berdiməhəmmədov bildirib ki, Türkmənistan ərazisində iki qaz-kompressor stansiyası və 125 km uzunluğunda qaz kəmərinin tikintisi planlaşdırılır. Bu, İran üçün əlavə həcmdə Türkmənistan təbii qazının Çaloyuk qazölçmə stansiyasına qədər çatdırılmasına imkan verəcək.

O vurğulayıb ki, yaxın gələcəkdə Türkmənistan təbii qazının İran ərazisindən svop sxemi (mübadilə əməliyyatları) ilə İraqa və daha sonra Türkiyəyə ixracı nəzərdə tutulur.

Q.Berdiməhəmmədov və M.Pezeşkian arasında aparılan danışıqların yekunları üzrə Türkmənistan və İran arasında bir sıra ikitərəfli sənədlərin, o cümlədən “Türkmengaz” dövlət konserni ilə İran Milli Qaz Şirkəti (NIGC) arasında təbii qaz sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Aşqabadda “Türkmengaz” dövlət konserninin nümayəndələri ilə İraqın elektrik enerjisi naziri Ziad Əli Fadelin başçılıq etdiyi nümayəndə heyəti arasında aparılmış danışıqlardan sonra Türkmənistan təbii qazının İraqa alqı-satqısı haqqında sazişin əsas kommersiya şərtləri haqqında protokol imzalanıb. Protokola əsasən, 5 il ərzində hər il 9 milyard kubmetr Türkmənistan təbii qazı svop sxemi ilə İran üzərindən İraqa nəql ediləcək.

Son xəbərlər

Orphus sistemi