Türkiyədə neft koksu istehsalının 47 %-i STAR-in hesabına təmin edilib
- 29 dekabr, 2023
- 08:35
Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 75 min 471 tondan çox neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) statistikasına istinadən xəbər verir.
Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 14 min 453 ton və ya 11,6 % çoxdur.
Türkiyədəki ümumi neft koksunun istehsalında STAR neft emalı zavodunun payı 47,09 %-ə bərabərdir.
Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 160 min 261 tondan çox neft koksu istehsal edilib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 21 min 918 ton və ya 15,8 % çoxdur.
Xatırladaq ki, STAR zavodunun təməli 5 oktyabr 2011-ci ildə qoyulub, açılışı isə 19 oktyabr 2018-ci ildə olub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Hazırda zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.