Türkiyənin TPAO şirkəti (Türk Petrol Birliyi) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qara dəniz ərazisindəki təbii qaz yataqları layihəsinin işlənməsində əməkdaşlıq edə bilər.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, daha əvvəl Rusiya və İran şirkətləri ilə potensial iş birliyini müzakirə edən Ankara hər iki ölkə ilə Suriya başda olmaqla bir çox məsələdə ziddiyyətli münasibətdə olması, həmçinin hər iki ölkədən təbii qaz aslılığını azaltmağa çalışması Türkiyəni bu layihədə Azərbaycanla əməkdaşlığa yönəldə bilər. Bundan başqa, Türk şirkətlərinin bu cür mürəkkəb və bahalı layihələrdə dost dövlətlərin şirkətləri ilə əməkdaşlıq etməsi ehtimalı daha yüksəkdir.
Belə ki, TPAO artıq Xəzər dənizindəki neft yataqlarının işlənməsi və hasilatı layihələrində SOCAR ilə tərəfdaşlıq edir. Xüsusən son dövrlərdə SOCAR-ın Türkiyənin təbii qaz tədarükündə getdikcə artan payı neft və qaz sektorunda da asanlıqla əməkdaşlığa çevrilə bilər.
Qeyd edək ki, TPAO bu cür dərin su layihələrini idarə etməkdə böyük təcrübəyə malik olan Qatar Petroleum ilə də ortaq ola bilər. Türkiyə rəsmiləri artıq belə bir ehtimal irəli sürüblər. Bu ilin mart ayında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın Aralıq dənizində təbii qaz yataqlarının işlənməsində Malayziya, İngiltərə və Qətər şirkətləri ilə əməkdaşlıq etməyi düşündüklərini bildirmişdi.