Yaxın həftələrdə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılacaq.
"Report" xəbər verir ki, bunu "Total Enegy Avropa"nın birinci vitse-prezidenti Jan Lyuk Qizyu bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropanın qaz təchizatında mühüm rol oynayır.
Xatırladaq ki, yataqdan ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur.
"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizimdə "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.