Boru kəməri şirkəti TAP AG Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin mərhələli şəkildə ildə 20 milyard kubmetrə qədər genişləndirilməsi üçün bazar sınaqlarından müsbət nəticələr gözləyir.
"Report" xəbər verir ki, bunu TAP-ın Yunanıstandakı nümayəndəsi İoannis Maris deyib.
O qeyd edib ki, TAP-ın genişləndirilməsi imkanları müntəzəm bazar sınaqları vasitəsilə müəyyən edilir: “2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, 2026-cı il yanvarın 1-dək boru kəmərinin gücünü ildə 1,2 milyard kubmetr qaz artırmaq barədə öhdəliklər götürülüb. Bu, TAP-ın daha da genişləndirilməsi istiqamətində atılan ilk addımdır. 2023-cü il bazar sınağı hazırda davam edir və biz nəticələrə nikbin baxırıq”.
İ.Maris bildirib ki, TAP qaz kəməri fəaliyyət göstərdiyi üç il ərzində daha az karbon tutumlu enerji mənbələrinin Yunanıstan, Bolqarıstan və İtaliyaya axınına uğurla töhfə verib.
Onun sözlərinə görə, Azərbaycan TAP sayəsində Yunanıstana üçüncü ən böyük qaz tədarükçüsünə çevrilib ki, bu da 2023-cü ildə bu ölkəyə “mavi yanacağın” ümumi idxalının 18 %-ə qədərini təşkil edib: “Bunlar artıq mühüm nailiyyətlərdir. Lakin hazırda ildə 10 milyard kubmetr olan boru kəmərinin ötürücülük qabiliyyətini tədricən iki dəfə artırsaq, Avropanın enerji təchizatının təmin edilməsinə və karbonsuzlaşdırma hədəflərinə nail ola bilərik”.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.