TAP “Petrofac”la əməliyyat və texniki dəstək müqaviləsi imzalayıb

TAP “Petrofac”la əməliyyat və texniki dəstək müqaviləsi imzalayıb
Energetika
2691
6 Dekabr , 2018 15:56
TAP “Petrofac”la əməliyyat və texniki dəstək müqaviləsi imzalayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan boru kəmərinin (Trans Adriatik Boru kəməri –TAP) əməliyyatları ilə məşğul olan konsorsium – TAP-AG Böyük Britaniyanın “Petrofac” şirkəti ilə əməliyyatlar və texniki dəstək xidmətləri üzrə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Petrofac” şirkəti məlumat yayıb.

Müqavilə 13 aylıq müddəti əhatə edir.

Xidmətlərə mütəxəssis heyətin, texniki xidmətlərin təminatı, əməliyyatlara keçid zamanı ekoloji və təhlükəsizlik tələblərinin təmini daxildir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

“Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.