TAP-ın istifadəyə veriləcəyi vaxt açıqlanıb

TAP-ın istifadəyə veriləcəyi vaxt açıqlanıb TAP vasitəsilə illik olaraq İtaliyaya 8 mlrd kubmetr qaz nəql ediləcək
Energetika
14 Sentyabr , 2020 14:16
TAP-ın istifadəyə veriləcəyi vaxt açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən təbii qazı Avropaya çatdıracaq Trans-Adriatik Qaz Boru Kəməri (TAP) bu ilin dördüncü rübündə- noyabr ayında istismara verilməsi gözlənilir.

Bu barədə “Report” “S&P Global Platts Analytics”in sentyabr ayının hesabatına istinadən xəbər verir.

Bildirilir ki, yeni qaz tədarükü marşrutunun istifadəyə verilməsi İtaliya və bütün regionun qaz bazarında xüsusi yerə malik olacaq.

Hesabatda deyilir ki, TAP vasitəsilə illik olaraq İtaliyaya 8 mlrd kubmetr qaz nəql ediləcək. Bundan başqa, Yunanıstana 1 mlrd kubmetr qaz nəql edilməsi gözlənilir.

Həmçinin, bu boru kəməri vasitəsilə Bolqarıstana da 1 mlrd kubmetr təbii qazın ötürülməsi nəzərdə tutulub. Ancaq bunun üçün ilk növbədə Bolqaırstan-Yunanıstan İnterkonnektoru (İGB) boru kəməri istismara hazır olmalıdır.

Hesabatda deyilir ki, İGB-nin isə tam olaraq 2021-ci ilin ikinci rübündə işə salınacağı nəzərdə tutulur.

Xatırladaq ki, IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xatırladaq ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Son xəbərlər

Orphus sistemi