TAP Albaniyada ilk qaz çıxışı nöqtəsini istifadəyə verəcək

TAP Albaniyada ilk qaz çıxışı nöqtəsini istifadəyə verəcək TAP ölkəyə milyonlarla avroluq sərmayə olan “Fier South” qaz çıxış nöqtəsini dizayn edəcək, satın alacaq və inşa edəcək.
Energetika
7 İyul , 2021 12:36
TAP Albaniyada ilk qaz çıxışı nöqtəsini istifadəyə verəcək

Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün yaradılan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz Sh.a” şirkəti arasında “Fier South” qaz çıxışı nöqtəsinin təhvil verilməsi ilə bağlı Əməkdaşlıq haqqında Saziş imzalayıblar.

Bu barədə “Report” TAP Konsorsiumunun rəsmi saytına istinadən məlumat verib.

Bildirilir ki, TAP ölkəyə milyonlarla avroluq sərmayə olan “Fier South” qaz çıxış nöqtəsini dizayn edəcək, satın alacaq və inşa edəcək.

Razılaşmaya əsasən, “Fier South” təsisinin inşası başa çatdıqdan sonra çıxış nöqtəsi Albaniyaya təhvil veriləcək və Albaniya hökuməti tərəfindən tam mülkiyyətə alınacaq, idarə ediləcək və istismara veriləcək.

Belə ki, TAP nəqliyyat sistemi ilə Albaniyaya nəql ediləcək qaz infrastrukturu arasında qarşılıqlı əlaqə nöqtəsinə imkan yaradacağından yeni qurğu, Albaniyanın qazlaşdırılması üçün əhəmiyyətli bir mərhələdir.

Fierdəki yeni qaz çıxış nöqtəsi Albaniya və Qərbi Balkanlar üçün Xəzər bölgəsindəki qaz ehtiyatlarına strateji bir giriş nöqtəsi təmin edəcək. TAP-ın Fierdəki kompressor stansiyası xaricində inşa ediləcək və genişləndirilə bilən gücə və iki istiqamətli axına imkan verəcək. TAP tərəfindən inşa edilən qaz çıxış nöqtəsinə təzyiq azaldılması və fiskal ölçmə vasitələri də daxil olacaq.

Albaniyanın Baş naziri Edi Rama müqavilənin imzalanmasını Albaniyanın enerji ixracatçısına çevrilməsinə yönəlmiş bir addım kimi qiymətləndirib. "Bu gün Albaniya praktik olaraq xalis enerji ixracatçısına çevirməyə və eyni zamanda qazı başqa bir komponent kimi təqdim edən ölkəyə çevrilir. Bu eyni zamanda, ölkəmizi fərqli edən, ölkənin iqtisadi və sosial həyatına təsir edən müxtəlif enerji mənbələri məkanına çevirməyə davam edir”.

Albaniyanın infrastruktur və enerji naziri Belinda Balluku razılaşmanı Rama Hökumətinin üçüncü müddətinin prioriteti olan Albaniyanın qaz bazarının və enerji infrastrukturunun gələcək inkişafında əsas mərhələ kimi qiymətləndirib.

TAP Konsorsiumunun İcraçı direktoru Luka Şieppati (Luca Schieppati) bildirib ki, TAP-ın missiyası və vizyonuna uyğun olaraq, boru kəməri yeni etibarlı, sərfəli və daha təmiz enerji mənbəyi əldə etmək üçün tədarükün şaxələndirilməsi və təhlükəsizliyini təmin etməyə davam edir. Bu boru kəməri Albaniya və Cənubi Şərqi Avropanın gələcəyidir. Fier çıxış nöqtəsi Albaniyanın enerji yol xəritəsini asanlaşdıracaq vacib bir sərvətdir”.

TAP-ın Albaniya üzə meneceri Malfor Nuri isə əlavə edib ki, TAP Albaniyaya üçün böyük bir qatqıdır: “Fier” çıxış nöqtəsi ölkədəki enerji infrastrukturunun inkişafına xidmət etməklə yanaşı, Albaniyanın bölgədəki coğrafi-strateji və ticarət rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək”.

Xatırladaq ki, Fier qaz çıxış nöqtəsi TAP-ın Qərbi Balkanlar bölgəsindəki rolunu təkcə etibarlı bir Nəqletmə Sistemi Operatoru kimi deyil, həm də Avropanın enerji keçidində aktiv tərəfdaş kimi gücləndirir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Son xəbərlər

Orphus sistemi