Suriya neft-qaz yataqlarının işlənməsində Azərbaycanın köməyinə ümid edir

Energetika
  • 19 aprel, 2025
  • 12:08
Suriya neft-qaz yataqlarının işlənməsində Azərbaycanın köməyinə ümid edir

Suriyanın yeni hökuməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkənin neft-qaz sektorunun bərpasında iştirakında maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Middle East Eye” nəşri məlumat yayıb.

“Suriya hökuməti SOCAR-ı Suriyanın şimal-şərqində, əsasən ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) silahlı qruplaşmasının nəzarətində olan ərazidə neft-qaz yataqlarının işlənməsinə cəlb etməkdə maraqlıdır”, - nəşr yazır.

Suriya rəhbərliyinə yaxın mənbənin sözlərinə görə, Suriya regional oyunçuların təsirini balanslaşdırmaq istəyir. “Həm Türkiyənin, həm də Azərbaycanın neft-qaz yataqlarının işlənməsinə cəlb edilməsi Dəməşqə müəyyən inam verəcək”, - o qeyd edib.

Xatırladaq ki, mart ayında SDQ lideri Mazlum Abdi və Suriya Prezidenti Əhməd əl-Şaraa birləşmə haqqında saziş imzalayıblar. Bununla SDQ nəzarətindəki enerji obyektlərinə nəzarət faktiki olaraq Dəməşqdəki hökumətə verilib. Lakin bu ana qədər yeni rəhbərlik bu obyektləri hələ də fiziki olaraq nəzarətə götürməyib.

SDQ və Dəməşq arasındakı razılaşmayla tanış olan regional məmurlardan biri bildirib ki, hökumət yataqlardan əldə olunan gəlirləri 70 % mərkəzi hökumətə, 30 % isə yerli ehtiyaclar üçün olmaqla bölüşdürməyi planlaşdırır.

Suriyanın “Enab Baladi” nəşrinin məlumatına görə, Suriya hazırda gündə 110 min barel neft hasil edir ki, bu da 2010-cu ildə vətəndaş müharibəsi başlamazdan əvvəl gündəlik hasil edilən 385 min bareldən xeyli azdır.

Təbii qaza gəlincə, ölkədə 9,1 milyon kubmetr qaz hasil edilir. Halbuki 2010-cu ildə bu göstərici 30 milyon kubmetrə bərabər idi.

Xatırladaq ki, daha əvvəl Suriyaya qarşı tətbiq edilmiş sanksiyalar 2010-cu ildə Suriyanın bütün neft hasilatının demək olar yarısını (49,6 %) hasil edən 11 beynəlxalq şirkəti ölkədəki fəaliyyətini dayandırmağa məcbur etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti