SOCAR və “Qazprom” potensial əməkdaşlıq istiqamətlərini müzakirə edib

Energetika
  • 30 oktyabr, 2021
  • 07:26
SOCAR və “Qazprom” potensial əməkdaşlıq istiqamətlərini müzakirə edib

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində keşirilən işgüzar görüşdə enerji sektorunda potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.

Qeyd edək ki, bu ilin iyul ayında Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edilməsi ilə bağlı razılıq əldə edib. Müvafiq müqavilə “Azərkontrakt” və “Qazprom” qrupu arasında imzalanıb.

Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.

Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq. Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını SOCAR həyata keçirəcək.

Müqavilə tərəflərə öz neft-qaz infrastrukturundan optimal istifadə etməyə imkan verəcəkdir. Ölkədə qaz hasilatının sürətlə artması fonunda Azərbaycan ölkə daxilində istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qış mövsümü üçün öz təbii qazının əlavə həcmini tədarük etmək imkanı əldə edir.

Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

SOCAR Azərbaycanın ən böyük dövlət neft-qaz şirkətidir. Şirkətin fəaliyyət sahəsinə neft, təbii qaz və qaz kondensatının kəşfiyyatı, hasilatı, emalı, nəqli və satışı daxildir.

“Qazprom” dünyanın ən böyük qaz şirkətidir. Şirkətin səhmlərinin 50 %-dən çoxu Rusiya Federasiyasının nəzarəti altındadır.