SOCAR Tacikistanda neft emalı zavodunun fəaliyyətinin bərpasına dəstək olacaq

Energetika
  • 13 fevral, 2024
  • 11:58
SOCAR Tacikistanda neft emalı zavodunun fəaliyyətinin bərpasına dəstək olacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tacikistanın Xatlon vilayətinin “Dəngərə” azad iqtisadi zonasının ərazisində inşa edilmiş “TK-Oil” neft emalı zavodunun işə salınmasına və xam malla təmin olunmasına kömək edəcək.

“Report”un Tacikisan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Düşənbədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda bildirib.

Onun sözlərinə görə, Tacikistan prezidentinin tapşırığı ilə bu məsələ həm Azərbaycanın müvafiq nazirlik və idarələrinin rəhbərliyi, həm də SOCAR rəhbərliyi ilə müzakirə olunub.

Z.Zavkizoda bildirib ki, danışıqlar nəticəsində tərəflər ümumi qərara gəliblər ki, SOCAR zəngin təcrübəsini və geniş potensialını nəzərə alaraq, “TK-Oil” neft emalı zavodunun həm işə salınmasında, həm də onun gələcək xammal təminatında dəstək göstərəcək.

Nazir qeyd edib ki, hazırda SOCAR “TK-Oil” Tacikistan-Çin neft emalı zavodunun təqdim etdiyi sənədləri öyrənir.

"İşlər gedir, ümid edirik ki, zavod yaxın vaxtlarda istifadəyə veriləcək", - nazir əlavə edib.

Xatırladaq ki, “TK-Oil” neft emalı zavodu 2018-ci ildən məqbul şəraitdə xammal çatışmazlığı səbəbindən fəaliyyətsizdir. Bu zavod üçün Qazaxıstan, Türkmənistan və İrandan neft tədarük etmək niyyətləri vaxtaşırı bildirilirib.

Layihə gücü illik 1,2 milyon ton neft olan zavodun tikintisinə 2014-cü ildə başlanılıb. Müəssisə Çinin “Dong Ying heli Investment and Development” şirkəti tərəfindən yaradılmış “TK-oil” Tacikistan-Çin birgə müəssisəsi tərəfindən tikilib.

Statistik məlumatlara əsasən, 2023-cü ildə Tacikistanda neft hasilatı cəmi 18 min ton təşkil edib. Bu da “Dəngərə” neft emalı zavodunun ümumi ehtiyaclarının cəmi 1,5 %-ni ödəyə bilər.

Ötən il respublikada fəaliyyət göstərən kiçik neft emalı zavodlarında 4,2 min tona yaxın avtomobil benzini, 2 min tona yaxın dizel yanacağı, 3,9 min tona yaxın mazut və 3,2 min tona yaxın bitum istehsal edilib.

Hökumət yanında Antiinhisar Xidmətinin məlumatına görə, ölkə 2023-cü ildə 1 milyon tondan çox neft məhsulları və 411 min tondan çox maye qaz idxal edib. Rusiya respublikaya neft məhsullarının, Qazaxıstan isə maye qazın əsas tədarükçüsü olaraq qalır.

44 filmi