Bu gün Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu km-də "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“Report”un “SOCAR-Petroleum” şirkətinə istinadən verdiyi məlumata görə, bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatdırılıb.
Cənub bölgəsindən Bakı istiqamətinə və Salyan rayonundan cənub bölgəsinə gedən istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.
Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, “SOCAR-Petroleum” QSC-nin 35 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.