“SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb

“SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb ​​​​​​​“SOCAR Petroleum” QSC və “CZAR İNTERNATİONAL” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verili
Energetika
17 İyun , 2021 13:29
“SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb

“SOCAR Petroleum” QSC və “CZAR İNTERNATİONAL” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

“Report”un “SOCAR Petroleum”a istinadən verdiyi məlumata görə, bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məsçidi yaxınlığında yerləşən “SOCAR” YDM-in ərazisində quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kilovatt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.

Bu ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün YDM-lərdə “CZAR İNTERNATİONAL” markalı şarj avadanlıqları quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcək.

“CZAR İNTERNATİONAL” şirkəti layihə çərçivəsində ölkəmizdə elektrikli avtomobillərin satışını həyata keçirməklə yanaşı texniki servis fəaliyyəti də göstərəcək. Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetindən irəli gələn tədbirlərə öz tövhəsini vermiş olacaq.

Qeyd edək ki, “CZAR İNTERNATİONAL” 2014-cu ildə Sinqapurda yaradılıb və “LİNGSTAR” şirkətinin Azərbaycan və Gürcüstan bazarlarında eksklüziv distributorudur. “CZAR İNTERNATİONAL” nəqliyyat sektorunda və kənd təsərrüfatında eko-texnologiyaların tətbiqi ilə məşğul olan şirkətdir. Hazırda şirkət Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərir.

“SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin 39 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 sıxlaşdırılmış təbii qaz terminalı və 9 CNG stansiyası fəaliyyət göstərir. "SOCAR Petroleum"da 2 000 nəfərdən çox işçi çalışır.

Son xəbərlər

Orphus sistemi