SOCAR İsraildəki layihədə iştirakdan imtina etmək niyyətində deyil

Energetika
  • 26 aprel, 2024
  • 06:43
SOCAR İsraildəki layihədə iştirakdan imtina etmək niyyətində deyil

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizindəki xüsusi iqtisadi zonasında kəşfiyyat işlərindən imtina etməyi planlaşdırmır.

Bu barədə “Report”a Azərbaycanın neft-qaz bazarındakı vəziyyətlə tanış olan mənbə məlumat verib.

“SOCAR I-6 Zonasında kəşfiyyat mərhələsində olan layihənin operatorudur. Bu layihəyə maraq qalır və şirkət ondan imtina etmək niyyətində deyil”, - mənbə qeyd edib.

Onun sözlərinə görə, layihə üzərində iş hazırda bu regiondakı çətin geosiyasi vəziyyətə uyğunlaşdırılır.

Xatırladaq ki, 2023-cü il oktyabrın sonunda İsrailin Energetika və İnfrastruktur Nazirliyi SOCAR, BP və İsrailin “NewMed Energy” konsorsiumuna İsrailin Aralıq dənizindəki xüsusi iqtisadi zonasındada təbii qazın kəşfiyyatı üçün keçirilən tenderin dördüncü raundunun nəticələrinə əsasən lisenziyanın verilməsi haqqında məlumat yayıb.

İsrail hökuməti əlavə təbii qaz yataqlarının kəşfi ilə tədarükün şaxələndirilməsini artıracağını və daxili bazarda rəqabəti stimullaşdıracağını gözləyir.

Tender qaydalarına uyğun olaraq kəşfiyyata lisenziyalar ilkin olaraq 3 il müddətinə verilir.

Son xəbərlər

Bütün Xəbər Lenti