SOCAR-ın yüksək maliyyə nəticələri əldə etməsinin səbəbləri açıqlanıb
- 14 iyun, 2018
- 07:48
Bakı. 14 iyun. REPORT.AZ/ 2017-ci ildə SOCAR-ın daha yüksək maliyyə nəticələrinə nail olmasının səbəbləri açıqlanıb.
“Report” xəbər verir ki, bu, bir neçə amillə bağlıdır.
Qeyd edilib ki, 2017-ci ildə SOCAR üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 3 dəfəyə qədər artırıb, nəticədə şirkətin ümumi ticarət dövriyyəsi 2 dəfədən çox yüksəlib.
Bundan başqa, neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilib. Dünya bazarlarında xam neftin qiyməti əvvəlki ilə nisbətən 25-30 faiz civarında yüksəlib. SOCAR Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yataqlar blokunun əməliyyatçısı olan ABƏŞ-də öz payını artırıb.
Digər tərəfdən, SOCAR-ın AÇG-dəki payının artması, “SOCAR Georgia Energy” şirkətindəki payının 75,5 faizə yüksəlməsi, eləcə də neft qiymətlərinin artması fonunda xammal və investisiya xərclərinin artması kimi faktorlar, təbii olaraq, şirkətin ümumi xərc və öhdəliklərinin artmasına səbəb olsa da, şirkətin ümumi aktivlərinin artımı ümumi öhdəliklərin artım tempindən yüksək olub. Belə ki, SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 mlrd. manat təşkil edib.