SOCAR-ın Türkiyədəki zavodunun LPG istehsalı 26 % artıb
- 30 yanvar, 2024
- 10:38
Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 14 min 966 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 min 091 ton və ya 26 % çoxdur.
Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 87 min 195 tona yaxın LPG istehsal edilib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 9 min 935 ton və ya 12,9 % çoxdur.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.