SOCAR-ın Türkiyədəki zavodunun dizel yanacağı istehsalı 8 %-dən çox azalıb

Energetika
  • 30 yanvar, 2024
  • 11:08
SOCAR-ın Türkiyədəki zavodunun dizel yanacağı istehsalı 8 %-dən çox azalıb

Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu (NEZ) 592 min 888 tondan çox dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 54 min 536 ton və ya 8,4 % azdır.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 566 min 259 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 12 min 402 ton və ya 8,6 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti