SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını azaldıb
- 30 yanvar, 2024
- 12:03
Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 66 min 347 tondan çox neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 min 052 ton və ya 24,9 % azdır.
Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 146 min 831 tondan çox neft koksu istehsal edilib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 30 min 284 ton və ya 17,1 % azdır.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.