​SOCAR-ın prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb

​SOCAR-ın prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb Böyük Britaniya SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib
Energetika
3 Mart , 2015 15:41
​SOCAR-ın prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

R.Abdullayev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Qəbul üçün təşəkkürünü bildirən Ç.Hendri budəfəki səfərində əsas məqsədin Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumunun imzalanması olduğunu söyləyib.

Ç.Hendri Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də SOCAR ilə əməkdaşlığa böyük maraq göstərdiyini, BP və digər şirkətlərin ölkəmizdəki fəaliyyətinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülmüş "Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü"nə qoşulduğunu qeyd edib, bu istiqamətdə SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib.

R.Abdullayev son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər, regional və qlobal əhəmiyyətli birgə layihələrin gedişi haqqında söz açıb. Böyük Britaniya nümayəndə heyətinin görüşdə iştirak edən üzvləri SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrə şirkətləri tərəfindən böyük maraq göstərildiyini söyləyiblər.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi