SOCAR hasilatın artırılması üçün “Mayak” layihəsinin icrasına başlayır

SOCAR hasilatın artırılması üçün “Mayak” layihəsinin icrasına başlayır Bu layihə “Azneft” İB-nin daxili imkanları hesabına həyata keçiriləcək
Energetika
27 Oktyabr , 2017 17:34
SOCAR hasilatın artırılması üçün “Mayak” layihəsinin icrasına başlayır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Mayak” layihəsinin icrası ilə bağlı iclas keçirilib.

“Report”a Birlikdən verilən məlumata görə, görüşdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, Birliyin rəhbərliyi, idarə və şöbə rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Birliyin baş direktoru son illər ərzində “Azneft” İB-də mühüm layihələrin həyata keçirilməsindən, Birlikdə innovativ üsulların tətbiqinin önəmindən bəhs edib.

D.İskəndərov qeyd edib ki, “Mayak” layihəsində yeni yanaşma ilə məhsuldarlığın artımına nail olunacaq. Bu layihənin “Azneft” İB-nin daxili imkanları hesabı ilə həyata keçiriləcəyini deyən baş direktor, layihənin SOCAR rəhbərliyi tərəfindən də dəstəkləndiyini ifadə edib.

D.İskəndərov “Mayak” layihəsində əsas məqsədin ilkin olaraq 2018 və 2019-cu illər üzrə hasilatın artımına nail olmaq, daha sonra isə sözügedən layihənin digər yataqlarda tətbiqinə start vermək olduğunu bəyan edib. Baş direktor bunun üçün yeni yanaşma üsullarına və təkliflərə açıq olmağın əhəmiyyəndən danışıb, həll imkanları haqqında yeni fikirlərin ortaya qoyulmasının, eləcə də yeni təşəbbüslərə mane olan faktorların aradan qaldırılmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti də “Mayak” layihəsi təşəbbüsünün əhəmiyyətindən bəhs edərək layihə iştirakçılarını təbrik edib. Vitse-prezident layihələrin icrası zamanı yeni yanaşma üsulları ilə uğur qazanmağın daha asan mümkün olacağını qeyd edib. O, Azərbaycanın perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək üçün hər bir sahədə olduğu kimi, neft-qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin hazırlandığını bəyan edib. Y.Lətifov ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş SOCAR-ın Strateji Yol Xəritəsində də layihələrin icrası zamanı yeni yanaşma üsullarının tətbiqinin xüsusi vurğulandığını bildirib. O baxımdan layihənin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti B.Hüseynov çıxış edərək layihələrin icrası zamanı ortaya çıxan məqamların düzgün şəkildə qeyd edilməsi və bütün ayrıntıların təhlil olunmasının vacibliyini ifadə edib.

Sonra “Azneft” İB-nin baş direktorunun yeni texnika və innovasiya üzrə müşaviri Hacıbaba Ağayev, “Mayak” layihəsinin təqdimatını keçirib və layihə haqqında geniş məlumat verib. H.Ağayev layihənin məqsədi, strukturu, icra prosesi və atılacaq addımlar haqqında məruzə ilə çıxış edib. O bildirib ki, layihənin icrası üçün gənc mütəxəssislərdən ibarət komanda formalaşdırılıb. Bu komanda layihənin icra vəziyyəti barədə həftədə bir dəfə dəyərləndirmə iclası keçirəcək və nəticələri barədə rəhbərliyə məlumat verəcək. H.Ağayev layihənin komandası haqqında məlumat verərək bildirib ki, heyət “Azneft” İB və “28 May” NQÇİ-nin mütəxəssislərindən təşkil olunub.

Daha sonra, ABŞ-ın “McKinsey&Company” şirkətinin nümayəndəsi sözügedən layihə haqqında danışıb və onun əhəmiyyətindən bəhs edib.

Sonda “Mayak” layihəsindən müsbət nəticələr alınacağına əminlik ifadə olunub və iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ABŞ-ın “McKinsey&Company” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin ilkin olaraq “Günəşli” yatağında (Dayazsulu) hasilatın artırılması məqsədilə tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi