Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkəti ölkədə ərzaq yardımı kampaniyasına başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, yardımın ilk hissəsi Şida Kartli bölgəsinə çatdırılıb.
“SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ərzaq qutularını bölgə qubernatoru Giorgi Xocevanişviliyə təhvil verib.
Şirkətdən bildirilib ki, ölkədə fövqəladə vəziyyət sosial təminatsız ailələr və gündəlik gəlirdən məhrum olan insanlara xüsusən ağır zərbə vurub. İlkin tələbat ərzaq məhsulları məhz həmin vətəndaşlara paylanılacaq.
Kampaniya ümumilikdə 1000 ailəni əhatə edəcək. Yardım İmereti və azərbaycanlıların yığcam yaşdıqları Kvemo Kartli bölgəsinə də təqdim olunacaq. Qida məhsullarının ümumi dəyəri 100 min lari təşkil edir.
Bu kampaniya “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanda həyata keçirdiyi ilk dəstək aksiyası deyil. Belə ki, şirkət koronavirusla mübarizəyə dəstək məqsədilə yaradılan “StopCov” fonduna 200 min lari məbləğində ianə edib.
Bununla yanaşı, şirkət əməkdaşlarının sağlamlığının qayğısına qalır. Onların əksəriyyəti distant iş formasına keçib, şirkətin obyektlərində Gürcüstan hökuməti, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyə etdiyi təhlükəsizliyin bütün standartlarına riayət olunur.