SCP-nin ötürücülük qabiliyyətinin artırılması istiqamətində işlər aparılır

Energetika
  • 26 iyul, 2024
  • 09:52
SCP-nin ötürücülük qabiliyyətinin artırılması istiqamətində işlər aparılır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropaya nəql olunan Azərbaycan qazının həcminin artırılması üçün Cənubi Qafqaz Boru Kəmərinin (SCP) ötürücülük qaqbiliyyətini artırır.

Bu barədə "Report"a neft-qaz bazarındakı məlumatlı mənbə bildirib.

Mənbə dəqiqləşdirib ki, SCP-nin layihə gücü sutkada 71 milyon kubmetr qaz olduğu halda, hazırda faktiki ötürmə qabiliyyəti təqribən 67-68 milyon kubmetr təşkil edir, bu isə ildə təxminən 24,8 milyard kubmetrə bərabərdir.

“SCP-nin ötürmə qabiliyyəti ildən-ilə artraq layihə gücünə yaxınlaşır. Biz son üç il ərzində əhəmiyyətli kapital qoyuluşları həyata keçirilmədən SCP ilə nəql edilə biləcək qazın həcmini artırırıq”, - mənbə bildirib.

Beləliklə, genişləndirildikdən sonra SCP boru kəmərinin ötürücülük qabiliyyəti sutkada təqribən 4 milyon kubmetr artacaq, bu isə ildə 1,5 milyard kubmetrə yaxın qaz deməkdir. "Bu, bizə 2027-ci ildə Avropaya 16 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. Bu məqsədlər üçün böyük məbləğdə sərmayə qoyuluşu nəzərdə tutulmayıb, lakin kompressor qurğularının müəyyən qədər modernləşdirilməsinə ehtiyac olacaq. Avadanlıqlar artıq sifariş olunub”, - mənbə qeyd edib.

SCP 2006-cı ilin sonundan fəaliyyət göstərir və "Şahdəniz" yatağının işlənməsi üzrə 1-ci mərhələ çərçivəsində Azərbaycan qazının Gürcüstana, 2007-ci ilin iyulundan isə Türkiyəyə nəqlini həyata keçirir. Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayında “Şahdəniz Mərhələ-2” çərçivəsində Türkiyəyə kommersiya tədarükünə başlayıb. Kəmərin uzunluğu 691 km-dir ki, bunun da 443 km-i Azərbaycan, 248 km-i isə Gürcüstan ərazisindədir.

SCP Cənub Qaz Dəhlizinin komponentidir. Zərurət yarandıqda sistemin ümumi gücü ildə 34 milyard kubmetrə qədər artırıla bilər.

South Caucasus Pipeline Company (SCPC) bütün boru kəmərinin tikintisi və istismarına cavabdehdir. SCPC-nin səhmdarları qismində BP (29,99 %), “Cənub Qaz Dəhlizi” QSC (21,02 %), LUKOIL (19,99 %), TPAO (19 %) və NICO (10 %) şirkətləri çıxış edir.

Son xəbərlər

Bütün Xəbər Lenti