"Rystad Energy": Geosiyasət neftin qiymətinə uzunmüddətli təsirini itirir
- 05 fevral, 2026
- 10:45
Norveçin "Rystad Energy" müstəqil konsaltinq şirkəti 2026 və 2027-ci illərdə neftin bir barelinin orta qiymətinin 60 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
"Report" xəbər verir ki, bunu "Rystad Energy"nin MENA regionunda tədqiqatlar üzrə direktoru Aditya Sarasvat (Aditya Saraswat) Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
"Əlbəttə, hər şey baş verə bilər: geosiyasi şoklar və ya təklifin artıq olması fonunda OPEC-in cavab reaksiyası. Lakin "fundamental"ı cari tələb və təkliflə birləşdirsək, belə bir mənzərə alınır.
Biz spot qiymətlərin dinamikasında dəyişikliklər müşahidə edirik: geosiyasətin təsiri uzunmüddətli "premiya"ya daxil edilmir. Münaqişə yarandıqda (bu yaxınlarda İranla olduğu kimi), qiymətlər kəskin şəkildə artır, lakin sonra eyni sürətlə düşür. Demək olar ki, dünyada baş verən hadisələr birbaşa təchizat marşrutlarına təsir göstərmədikcə qiymətlər qlobal sarsıntılardan az-çox "maskalanmış" vəziyyətdə qalır", - A.Sarasvat bildirib.
Onun sözlərinə görə, indiyədək OPEC qiymətlər ilə bağlı müdafiə mövqeyi tuturdu.
"Lakin 2025-ci ilin son rübündə biz OPEC-in öz payını bərpa etməyə çalışaraq həcmin bir hissəsini bazara qaytardığını gördük. OPEC-in son hesabatlarında təkliflərin artıq olması və ehtiyatların artımı aktiv müzakirə edilir. Bunlar qiymətlərin iki əsas hərəkətverici qüvvəsidir: geosiyasət və OPEC-in reaksiyası", - direktor əlavə edib.