Bakı. 25 oktyabr. REPORT.AZ/ İlin yekunlarına görə “Qazprom” təbii qazın 1000 kubmetrini orta hesabla, təqribən, 248 ABŞ dollarına ixrac edəcək.
“Report” xəbər verir ki, bunu “Qazprom” jurnalına müsahibəsində Rusiyanın eyni adlı dövlət şirkətinin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev deyib.
O, ilin 9 ayının nəticələrinə əsasən, Rusiyadan “uzaq xarici” ölkələrə 1000 kubmetri, təqribən, 235 ABŞ dollarına olmaqla 148,24 milyard kubmetr təbii qaz ixrac olunduğunu diqqətə çatdırıb.
“Həmişə ehtiyatlı, nikbin olmağı üstün tutmuşam və ehtiyatlı, nikbinliklə də deyə bilərəm ki, bu il ixracda daha bir rekorda imza ataraq 200 milyard kubmetrlik rəmzi həddi aşacağıq. İlin nəticələrinə görə, 1000 kubmetrin orta qiymətini təqribən 248 dollar səviyyəsində güman edirik”, - “Qazprom” rəhbəri bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə və orta perspektivdə şirkətin illik ixracı 190-200 milyard kubmetr səviyyəsində qalacaq.