Qazaxıstandakı son hadisələr Bakı üzərindən neftdaşımalara təsir etməyib
- 17 yanvar, 2022
- 14:05
Qazaxıstanda bu ayın I yarısında baş vermiş iğtişaşlar və daxili gərginlik bu ölkədən Azərbaycanla tranzit neft daşımalarına təsir etməyib.
“Report” bu barədə neft-qaz sahəsindəki mənbələrinə istinadən xəbər verir.
Qazaxıstan nefti daha çox Manqıstau vilayətindəki Şimali Bozaşı (Bozaşı yarımadası) yatağından tədarük edilib.
“2022-ci ilin yanvar ayının sonunda Bozaşı neftini daşıyan tanker gözləyirik, planlarda hər hansı dəyişiklik yoxdur. Bütövlükdə Qazaxıstandakı hadisələr tədarük cədvəlinə təsir etməyib” – deyə SOCAR-dakı mənbə qeyd edib.
Həmin nefti Çinin CNPC və “Sinopec” şirkətlərinə məxsus “Buzachi Operating” müəssisəsi tədarük edir. Aktau şəhərinin 250 km şimal-şərqində yerləşən Şimali Bozaşı yatağı 1975-ci ildə kəşf edilib, ehtiyatları 220 milyon ton, o cümlədən hasil oluna bilən ehtiyatları 50-80 milyon ton həcmində dəyərləndirilib. Həmin yataqdan hasil olunan neft ilk dəfə tankerlərlə Bakıya, sonra da sınaq şəklində BTC kəmərilə 2017-ci ildə nəql edilib, 2020-ci ildən həmin marşrutla müntəzəm daşımalara başlanıb. 2020-ci ildə BTC kəməri ilə Şimali Bozaşı yatağından 106 min ton, 2021-ci ildə 100 min tona yaxın neft nəql edilib. Bu il ötən ilki qədər daşımalar nəzərdə tutulub.
2008-2016-cı illərdə Qazaxıstanın Tengiz yatağında hasil olunmuş neftin bir hissəsi Azərbaycan təriqilə nəql edilib, 2017-ci ildən isə bütövlüklə “Xəzər boru kəmərləri konsorsiumu”na məxsus kəmərlə Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəql olunmağa başlayıb.
Hazırda Xəzərin Qazaxıstan sektorunda yerləşən Qaşağan nəhəng yatağından hasil olunan neftin bir hissəsinin 2024-2025-ci illərdən BTC vasitəsilə nəqlinə dair danışıqlar aparılır.
SOCAR-dakı mənbələr bildirib: “Qazaxıstan tərəfi Azərbaycanın təkliflərini daha çox öz nəqliyyat infrastrukturunun istifadə olunması, satış bazarlarınja çıxması nöqteyi-nəzərindən dəyərləndirir. Bu amillər müxtəlif ixracat variantları arasında hansının daha mənfəətli olması məsələsindən üstün tutulur”.
Bununla belə, SOCAR-dan bildiriblər ki, Qazaxıstan hökuməti Azərbaycan üzərindən neft ixrac etmək qərarına gəlsə, onlara bir neçə marşrutla tranzit nəqlilə bağlı sərfəli şərtlər təklif etməyə hazırdırlar. Əvvəla, söhbət Aralıq dənizinə çıxan BTC-dən gedir. Bununla yanaşı qonşu Gürcüstan üzərindən Qara dənizdəki Kulevi, ya da Batumi limanlarına, yaxud Bakı – Novorossiysk kəmərilə, sonra da xarici bazarlara, yaxud da İzmirdəki “Star” neftayırma müəssisəsinə nəql oluna bilər. Neftin müəyyən hissəsini Bakı Neftayırma Zavodu da qəbul edə bilər.
“Qazaxıstan neftinin kükürd miqdarı baxımdan BTC ilə nəql olunan Azərbaycan və Türkmənistan neftlərindən xeyli fərqlənməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu neftin həcmi müəyyən həddi aşsa, bizim satışlarımıza ciddi təsir edə bilər. Bizim üçün məqbul keyfiyyətə malik neft olduğu Qazaxıstan yataqlarından isə Azərbaycan limanlarına ya müvafiq logistika yoxdur, ya da daşınması həddindən artıq məsrəflidir” – deyə SOCAR-dan bildiriblər.
Bununla belə, hər iki ölkənin nəqliyyat və ixracat imkanlarının birgə istifadəsinə dair müzakirələrin davam edəcəyi də diqqətə çatdırılıb.