Qazaxıstan Azərbaycana "Aİ-92" benzini satmağa başlayıb

Energetika
  • 01 avqust, 2022
  • 06:21
Qazaxıstan Azərbaycana Aİ-92 benzini satmağa başlayıb

Bu ilin ilk 5 ayında Azərbaycana xaricdən 169,9 milyon ABŞ dolları dəyərində 148 min 079 ton "Aİ-92" markalı avtomobil benzini gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 71 dəfə, kəmiyyət olaraq – 30 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan 122,143 milyon ABŞ dolları dəyərində 106 min 456 ton, Türkmənistandan 41,732 milyon ABŞ dolları dəyərində 36 min 571 ton, Qazaxıstandan 3,998 milyon ABŞ dolları dəyərində 3 min 526 ton benzin alınıb.

Azərbaycana 1 il 9 aylıq fasilənin ardından Rusiya və Türkmənistandan tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan "Aİ-92" benzini alınıb.

Qeyd edək ki, “Aİ-92” markalı benzin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Lakin ildə bir dəfə olmaqla zavodun bir çox qurğularının fəaliyyəti təmir və əsaslanma işləri üçün müvəqqəti dayandırılır. Zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, ölkənin benzinə olan tələbatına yetməyə bilər. Buna görə də, həmin marka benzin xaricdən alınır. Bu zaman "Aİ-92" gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Belə ki, bu ilin fevralın 1-dən iyunun 1-nə kimi Azərbaycana idxal edilən "Aİ-92" oktan ədədi ilə avtomobil benzinin hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirildi, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirildi.