Azərbaycan Prezidenti: "Bizim neft amilindən asılılığımız əhəmiyyətli dərəcədə azalıb"

Azərbaycan Prezidenti: "Bizim neft amilindən asılılığımız əhəmiyyətli dərəcədə azalıb" Bizim üçün ən əhəmiyyətlisi islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığımızı azaltmaqdır"
Energetika
12 Fevral , 2016 18:11
Azərbaycan Prezidenti: Bizim neft amilindən asılılığımız əhəmiyyətli dərəcədə azalıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The New York Times” qəzetinin baş müxbiri Deyvid Sangerin sualına cavabında bildirib. 

"Regionumuzun ölkələri neft istehsalçılarıdır. Azərbaycana gəlincə, müstəqil ölkə kimi bizim üçün neft sektorunun inkişafı və neft-qaz sahəsinə sərmayənin yatırılması müstəqilliyimizin ilk illərində çox böyük əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi vaxt iqtisadiyyatımız demək olar ki, durğunluq, iqtisadi və maliyyə böhranı səbəbindən tamamilə məhv edilmişdi. Buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi bizim üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı. Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalmışdır. Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik. İxracımızın 90 faizini neft və qaz təşkil edir. Buna görə növbəti illər üçün vəzifə ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq. Sizin danışdığınız siyasi risklərə gəlincə isə bu, ölkələrdən asılı olan məsələdir. Hər bir ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var. Əlbəttə ki, iqtisadi vəziyyət və insanların gündəlik həyatı siyasi sabitlik və inkişafa təsir edir. Lakin hesab edirəm ki, neftin qiymətinin mütəmadi olaraq dəyişkən xarakter daşımasının dərk edilməsi ən vacib məqamdır. Biz neftin qiymətinin yüksək olduğu dövrdə yaşamışıq, indi isə neftin qiymətinin aşağı olduğu bir dövrdə yaşayırıq. Bizim üçün ən əhəmiyyətlisi isə neftin qiyməti yenidən yuxarı qalxdıqda bu islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığımızı azaltmaqdır", - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi