"Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində "Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi" sualına cavabında bildirib.
"Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir", - dövlət başçısı qeyd edib.