PPD: SOCAR ilə əməkdaşlıq qarşıdan gələn istilik mövsümündə mövqeyimizi gücləndirəcək

Energetika
  • 10 sentyabr, 2024
  • 14:11
PPD: SOCAR ilə əməkdaşlıq qarşıdan gələn istilik mövsümündə mövqeyimizi gücləndirəcək

Xorvatiyanın Prvo Plinarsko Društvo d.o.o. (PPD) şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Xorvatiyaya qaz tədarükü üzrə tərəfdaşlığın gələcək istilik mövsümü üçün onun mövqeyini gücləndirəcəyini gözləyir.

Bu barədə “Report”a müsahibəsində PPD şirkətinin rəsmi nümayəndəsi məlumat verib.

"PPD Xorvatiyaya və müştərilərinə etibarlı və təhlükəsiz təbii qaz tədarükünü təmin etməyə, eyni zamanda etibarlı tərəfdaşlarla əməkdaşlıq əlaqələrini gücləndirməyə davam edir. Biz müqavilənin [SOCAR ilə qaz tədarükü üzrə] konkret həcmlərini açıqlaya bilməsək də, elan edilmiş tərəfdaşlığın gələcək istilik mövsümü üçün portfelimizi gücləndirəcəyini təsdiq edə bilərik", - şirkətdən bildirilib.

PPD qeyd edib ki, 2024-cü il sentyabrın 1-dən SOCAR ilə "məhsuldar əməkdaşlığa" başlayıb və bu, qış mövsümü ərəfəsində Xorvatiya üçün təbii qaz tədarükünün təhlükəsizliyini "daha da artırıb".

Xatırladaq ki, SOCAR PPD şirkəti və MET qrupu vasitəsilə Xorvatiyaya qaz tədarük etməyə başlayıb. Eyni zamanda, şirkətlər nə tədarük həcmlərini, nə də Azərbaycanla qaz müqavilələrinin müddətini açıqlamırlar.

Azərbaycan qazının Xorvatiyaya daxil ola biləcəyi marşruta gəlincə, PPD “Forbes”in Xorvatiya bölməsinə izah edib ki, qaz Cənub Qaz Dəhlizi sistemi və Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə nəql olunur.

“Bolqarıstan Cənub-Şərqi və Mərkəzi Avropa bazarını SOCAR-a açan Trans-Adriatik Boru Kəmərinə (TAP) (ICBG vasitəsilə) qoşulub. Beləliklə, Azərbaycandan gələn qaz Bolqarıstan, Serbiya və Macarıstandan keçməklə Xorvatiyaya çatır və Regionun təhlükəsiz və dayanıqlı yanacaq təchizatını təmin edir”, - şirkətdən bildiriblər.

“Met Group”dan bildiriblər ki, "qaz fiziki olaraq qonşu ölkələr və interkonnektorlar vasitəsilə deyil, SOCAR-ın adından “Met Croatia Energy Tradea” vasitəsilə daxili bazara çatdırılır".

"SOCAR ilə bu əməkdaşlıq üçün təbii qaz qonşu ölkələr və qaz interkonnektorları vasitəsilə fiziki olaraq çatdırılmır, daxili bazara SOCAR adından "Met Croatia Energy Tradea" vasitəsilə tədarük edilir", - mənzil-qərargahı İsveçrədə yerləşən "Met Group" bildirib.

Şirkətin qazı haradanaldığı ilə bağlı məsələyə gəlincə, o, Avropada ən diversifikasiya olunmuş LNG idxal strukturlarından birinə sahib olduğu və Almaniya, Xorvatiya və İspaniyada uzunmüddətli əsasda reqazifikasiya gücləri icarəyə götürdüyü üçün müxtəlif mənbələrdən mayeləşdirilmiş təbii qaz (LNG) idxal etdiyini bildirib. PPD şirkəti öz növbəsində qeyd edir ki, SOCAR-dan və LNG terminalı vasitəsilə qaz alışı ilə yanaşı, regionun ən böyük enerji şirkətləri ilə ikitərəfli müqavilələr və Avropa fond birjalarında alışlar hesabına da qaz tədarükünü təmin edir.

Kamil Mahmudov, Nigar Abbasova

Son xəbərlər

Bütün Xəbər Lenti