Ötən il SOCAR neft və qaz emalını artırıb

Energetika
  • 10 fevral, 2024
  • 08:48
Ötən il SOCAR neft və qaz emalını artırıb

2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 6 milyon 290 min 230 ton neft emal edilib.

Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu, 2022-ci ilin göstərici ilə müqayisədə 91 min 860 ton və ya 1,5 % çoxdur.

Həmçinin, ötən il SOCAR tərəfindən 3 milyard 506 milyon 843 min 456 kubmetr qaz emal edilib ki, bu da 2022-ci ilin göstərici ilə müqayisədə 54 milyon 995 min 444 kubmetr və ya 1,6 % çoxdur.

Xatırladaq ki, 2022-ci il ərzində SOCAR 6 milyon 198 min 370 ton neft, 3 milyard 451 milyon 848 min kubmetr qaz emal edib.

Qeyd edək ki, SOCAR-ın neft məhsulları əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunda emal edilir. Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

İlk dəfə Azərbaycan Qaz Emalı Zavodu (AzQEZ) 1961-ci ildə istismara verilib. Əvvəlcə AzQEZ-ə "Qaradağ" yatağından qaz və kondensat daxil olurdu. Sonra xammal axınına Azərbaycanın dəniz neftçiləri tərəfindən çıxarılan səmt və təbii qaz da qoşuldu.

Son xəbərlər

Bütün Xəbər Lenti