Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 9 %-dək artıb

Energetika
  • 09 fevral, 2023
  • 12:07
Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 9 %-dək artıb

2022-ci ildə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 36 milyon barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi 2021-ci ilin göstəriciləri ilə müqayisədə 2 milyard standar kubmetr və ya 8,7 %, kondensat hasilatının həcmi isə 2 milyon barel və ya 5,9 % çoxdur.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 74 milyon (ildə 27 milyarddan artıq) standart kubmetrdir.

Xatırladaq ki, 2022-ci ilin avqust ayında “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz-1” qurğularında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən “Şahdəniz Alfa” platformasından hasilat təxminən 14 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Layihədə BP (operator – 29,99 %), “Lukoil” (19,99), SOCAR - (14,35 %), "SGC Upstream" (6,67 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti