Ötən il MVM-in əsas investisiyaları "Şahdəniz"də payın alınmasına sərf edilib
- 01 may, 2025
- 14:40
Macarıstan şirkəti MVM-in 2024-cü ildə investisiyaları 1 milyard ABŞ dollarını keçib və əsasən Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağının işlənməsi layihəsində pay alınması sövdələşməsinə sərf edilib.
Bu barədə “Report” şirkətin 2024-cü il üzrə fəaliyyət hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilib ki, şirkətin 2024-cü ildə investisiyaları 367 milyard forint (1 milyard ABŞ dollarından çox) təşkil edib və əsasən “MVM Group” ilə “Cənub Qaz Dəhlizi” QSC (SGC) arasındakı sövdələşmə, həmçinin “MVM Zöld Generáció Zrt.” tərəfindən Macarıstanda bir neçə günəş elektrik stansiyasının alınması ilə bağlı olub.
Şirkətdən bildirilib ki, "Şahdəniz"də 5 % və “South Caucasus Pipeline Company”də (SCPC) 4 % payın alınması MVM tarixində ən böyük sövdələşmə olub.
Xatırladaq ki, “MVM Group”un Şahdəniz layihəsində 5 % və SCPC-də isə 4 % pay almasına dair saziş 2024-cü il iyunun 5-də imzalanıb. Sövdələşmə 2024-cü il avqustun 30-da bağlanıb.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), “MVM Group” – 5 %.
"Şahdəniz" yatağında qaz və kondensat hasilatı 2006-cı ilin dekabrında başlayıb. Hazırda yataqda qaz və kondensat hasilatı “Mərhələ-1” çərçivəsində “Shah Deniz Alpha” platformasından, “Mərhələ-2” çərçivəsində isə “Shah Deniz Bravo” platformasından həyata keçirilir.