Neft kəmərinin keçdiyi ərazi vətəndaş tərəfindən hasara alınıb

Neft kəmərinin keçdiyi ərazi vətəndaş tərəfindən hasara alınıb Pirallahı rayonunun Gürgan qəsəbəsində neft kəmərindən cəmi 3-4 metr məsafədə 12 sot torpaq sahəsi vətəndaş Vahid Hüseynov tərəfindən hasara alınıb.
Energetika
26 Avqust , 2021 19:34
Neft kəmərinin keçdiyi ərazi vətəndaş tərəfindən hasara alınıb

Pirallahı rayonunun Gürgan qəsəbəsində neft kəmərindən cəmi 3-4 metr məsafədə olan 12 sot torpaq sahəsi vətəndaş Vahid Hüseynov tərəfindən hasara alınıb.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin müşaviri Səbuhi Şəldiyev “Report”a açıqlamasında bildirib ki, qanuna əsasən, neft kəmərlərindən 50 metr məsafədə nəinki əhalinin məskunlaşması, ümumiyyətlə hər hansı tikinti işlərinin aparılması qadağandır:

“Burda əsas məqsəd əhalini təhlükələrdən qorumaq və neft sənayesinin normal fəaliyyətini təmin etməkdən ibarətdir. Boru xətləri ilə tez alışan neft məhsulları nəql olunur və xətlərdə hər hansı sızma və yaxud qəza baş verərsə, bu, partlayışla nəticələnə bilər. Bundan başqa, boru xətlərinin mühafizə zonasının müəyyən edilməsində digər məqsəd neft sənayesi işçilərinin normal fəaliyyətinin təmin edilməsidir. Çünki boru xətlərində, dediyim kimi qəzalar, sızma hadisələri baş verə bilər. Bu zaman operativ müdaxilə imkanını təmin etmək, o cümlədən cəlb olunan ağır texnikaların manevr etməsi üçün geniş ərazi tələb olunur. Buna baxmayaraq, bəzən vətəndaşlar boru xəttinin 1-2 metrliyində tikinti işləri aparır, ərazini hasarlayırlar, bu isə ağır texnikanın, xüsusi texnikanın hərəkətini ləngidir, neft sənayesi işçilərinin operativ müdaxilə imkanlarını xeyli məhdudlaşdırır. Ərazidən 377 mm diametrində neft kəməri keçir və həmin neft kəməri tikinti aparılan ərazidən 3-4 metr məsafədə yerləşir”.

Qəribə məqam isə odur ki, sadalanan bütün təhlükələrə baxmayaraq, bu ərazi ilə bağlı Vahid Hüseynova Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış verilib. Necə ola bilər ki, neft sənayesinə aid torpaq sahəsində, boru xəttindən 4-5 metr məsafədə yerləşən əraziyə mülkiyyətə dair çıxarış verilib? Məsələ ilə bağlı sorğumuza Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, elektron kadastr baza məlumatlarına əsasən, sözügedən torpaq sahəsinin yaxınlığından neft kəməri keçmir. Lakin çəkiliş zamanı SOCAR əməkdaşları bizə ərazidən keçən yeraltı neft kəmərinin üstü açılmış bir hissəsini göstərdilər.

Qeyd edək ki, yaxınlığından neft keməri keçən torpaq sahəsini nə vaxt və kimdən aldıqlarını, eləcə də hansı yollarla çıxarış əldə etdiklərini öyrənmək üçün Vahid Hüseynov və oğlu Elmar Hüseynovla dəfələrlə əlaqə saxlasaq da, onlar açıqlama verməkdən imtina etdilər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin 14 metr məsafəsindən 160 mm-lik orta təzyiqli qaz xətti keçir. Bu qaz xətti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nda qeyd olunan mühafizə zonasının xaricində yerləşir. Ərazidə başqa kommunikasiya xətləri aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi